BAKI, 21 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ünvanına yönələn təhdidlərin davam edəcəyi təqdirdə İrana qarşı sərt cavab veriləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "NewsNation" telekanalının aparıcısının İranın ona təhdidlər ünvanladığı ilə bağlı fikirlərini şərh edərkən danışıb.
“Onlar bunu etməməlidirlər, amma mən xəbərdarlıq etdim. Əgər nəsə baş verərsə, bütün ölkə havaya sovrulacaq. Mənim çox aydın göstərişlərim var, nəsə baş versə, onlar yer üzündən silinəcəklər”, - o deyib.
ABŞ lideri, həmçinin sələfi Co Baydeni Tehrana qarşı kifayət qədər sərt siyasət yürütməməkdə ittiham edib.
“Biz həmişə təəccüblənirdik ki, Bayden niyə heç nə demir? Əgər o vaxt mən burada, Ağ Evdə olsaydım və onlar kiməsə, hətta prezidentə yox, sadəcə kiməsə qarşı hədələyici açıqlamalar versəydilər, mən onlara mütləq çox güclü zərbə endirərdim”, - deyə Tramp bildirib.