BAKI, 20 yanvar. TELEQRAF

Ötən gecə Rusiyanın kütləvi hava hücumu zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin "Şahed" tipli hücum dronlarını vurma performansı qənaətbəxş olmayıb.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalılara axşam müraciəti zamanı bildirib.

Zelenski ölkədə ən kritik vəziyyətin Kiyevdə olduğunu bildirib: "Bu səhər "Şahed" raketləri bölgədəki bir elektrik stansiyasına dəyib. Bərpa qrupları hadisə yerində işləyir. Hərbi hava qüvvələrinin "Şahed" raketlərinə qarşı reaksiyası qənaətbəxş deyil, baxmayaraq ki, bir çox qüvvələr - tutucular, mobil atəş qrupları və "F-16"lar hərəkətə gətirilmişdi. Hərbi Hava Qüvvələrinin reaksiyası fərqli şəkildə təşkil olunmalıdır".

O, vəziyyəti müdafiə naziri Mixaylo Fedorovla ayrıca müzakirə etdiyini qeyd edib. "Nəticələr çıxarılacaq", - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, dünən gecə Rusiya ordusu 339 "Şahed", "Gerbera", "Italmas" və digər hücum PUA-ları ilə Ukraynaya hücum edib. Ukrayna Hərbi Hava Qüvvələri 315 PUA-nı vurduğunu və ya siqnallarını blokladığını açıqlayıb. Vurulmayan dörd raket isə elektrik stansiyalarına dəyib.