BAKI, 21 yanvar. TELEQRAF

Danimarka Qrenlandiyaya minədək hərbçi göndərməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, Danimarka hakimiyyəti bir il ərzində Qrenlandiyaya min nəfərə yaxın hərbi qulluqçunun göndərilməsini nəzərdə tutan plan üzərində işləyir.

Bu barədə Danimarkanın "TV2" televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təlimlərdə iştirak etmək məqsədilə Kangerlussuakdakı hərbi bazaya təxminən 150 hərbçi, eyni sayda hərbi qulluqçu isə Nuuka göndərilib.

Bildirilib ki, hazırda hazırlıq keçən hərbçilər Danimarka ordusunun 1-ci briqadasının tərkibində xidmət edirlər və təxminən bir ay müddətində Qrenlandiyada qalacaqlar. Daha sonra onları Danimarkadan göndəriləcək yeni hərbi qruplar əvəz edəcək.

Xatırladılır ki, Danimarka artıq adaya hərbi texnika və qabaqcıl hərbi dəstə göndərib. Bundan başqa, Danimarkaya məxsus hərbi gəminin Qrenlandiyanın Nuuk sahilləri yaxınlığındakı akvatoriyada patrul xidməti həyata keçirdiyi də bildirilib.