BAKI, 21 yanvar. TELEQRAF

Peru Prezidenti Xose Xeri rəsmi gündəliyindən kənar şəkildə çinli iş adamı ilə keçirdiyi görüşlərə görə yaranan siyasi qalmaqal fonunda Konqres qarşısında ifadə vermək üçün müraciət edib.

Teleqraf xəbər verir ki, yanvarın 20-də Xeri Konqresə ünvanladığı məktubda qanunverici orqanın nəzarət komitəsinin iclasında iştirak edərək sözügedən görüşlərə aydınlıq gətirmək istədiyini bildirib. Prezident məktubunda qeyd edib ki, bu addım ölkədə ictimai maraq doğuran məsələlərin şəffaflıq və məsuliyyət prinsipləri əsasında izah olunması zərurətindən irəli gəlir.

Konqresin nəzarət komitəsinin sədri Elvis Verqara dövlət başçısı ilə görüşün keçiriləcəyini açıqlayıb.

Xatırladaq ki, ötən ilin oktyabrında sabiq prezident Dina Boluartenin Konqres tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra hakimiyyətə gələn Xose Xeri çinli iş adamı Cihua Yanq ilə dekabrın 26-da və yanvarın 6-da görüşüb. Həmin görüşlərin prezidentin rəsmi iş qrafikində göstərilməməsi ölkədə ciddi tənqidlərə səbəb olub.

Peruda mövcud qaydalara əsasən, prezidentin keçirdiyi bütün görüşlər rəsmi gündəlikdə əks olunmalıdır. Yerli mediada yayılan məlumatlara görə, Cihua Yanq ticarət obyektlərinin sahibidir və enerji layihəsi üzrə konsessiyaya malikdir. Eyni zamanda, onun Limada fəaliyyət göstərən biznesi icazəsiz məhsulların satışı səbəbindən yerli hakimiyyət orqanları tərəfindən dayandırılıb.

Müxalifət deputatları prezidentə qarşı impiçment və ya etimadsızlıq təşəbbüsü irəli sürəcəklərini bəyan ediblər.

Prezident bazar günü yayımladığı videomüraciətdə ilk görüşlə bağlı üzr istəyib və bildirib ki, həmin görüş Perunun Çinlə dostluq münasibətlərinin növbəti ildönümü ilə bağlı məsələlərin müzakirəsi məqsədi daşıyıb. O, hər hansı qeyri-qanuni və ya qeyri-etik tələbin olmadığını vurğulayıb.

Xose Xeri etiraf edib ki, görüşü gizli şəkildə keçirməsi səhv olub və bu, onun davranışı ilə bağlı şübhə və sualların yaranmasına səbəb olub.

Lakin prezidentin üzrxahlıq müraciətindən bir neçə saat sonra Cihua Yanq ilə ikinci görüşün də baş tutduğu məlum olub. İş adamının vəkili yerli RPP radiosuna açıqlamasında görüşlərin “dostyana xarakter daşıdığını və yalnız protokol qaydalarının pozulduğunu” bildirib.

Siyasi ekspertlərin fikrincə, impiçment üçün tələb olunan 130 deputatdan 87-sinin səsini toplamaq real görünmür. Analitiklər hesab edirlər ki, deputatların böyük hissəsi qarşıdan gələn aprel ümumi seçkiləri ərəfəsində ölkədə siyasi sabitliyi qorumağa üstünlük verəcək.