BAKI, 17 yanvar. TELEQRAF

Nobel Komitəsi Venesuela müxalifətinin nümayəndəsi Mariya Korina Maçadonun medalını ABŞ Prezidenti Donald Trampa təqdim etməsinin mükafatın sahibinin dəyişməsi demək olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Nobel Komitəsinin yaydığı rəsmi açıqlamada qeyd olunub.

Açıqlamada vurğulanıb ki, medalın, diplomun və ya pul mükafatının taleyindən asılı olmayaraq, Nobel Sülh Mükafatının sahibi tarixdə yalnız laureat kimi qalır. Bildirilib ki, hətta medal və ya diplom sonradan başqa bir şəxsin mülkiyyətinə keçsə belə, bu fakt mükafatın konkret şəxsə verildiyi gerçəyini dəyişmir.

Komitə həmçinin qeyd edib ki, Nobel Sülh Mükafatı geri alına bilməz, onun verilməsi ilə bağlı qərar qətidir və qeyri-müəyyən müddətə qüvvədə qalır.

Xatırladaq ki, bundan əvvəl Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını ABŞ Prezidenti Donald Trampa təqdim etdiyi və Trampın onu qəbul etdiyi barədə məlumat yayılmışdı.