BAKI, 12 yanvar. TELEQRAF
Regionumuzdakı geosiyasi vəziyyət Moldova kimi dövlətlər üçün ciddi çətinliklər yaradır və Avropa İttifaqına qoşulmaq suverenliyimizi qorumağımıza kömək edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu bildirib.
Onun sözlərinə görə, başqa bir həll yolu Rumıniya ilə yenidən birləşməkdir: "Amma hazırda bu ideya kifayət qədər dəstəklənmir. Mən referendum keçirilərsə, Rumıniya ilə birləşməyin lehinə səs verəcəm. Bu gün Moldova ətrafında baş verənlərə, dünyadakə proseslərə baxın. Moldova kimi bir ölkənin yaşaması, demokratik, suveren dövlət kimi mövcud olması getdikcə daha da çətinləşir. Lakin Moldova Respublikasının Prezidenti kimi başa düşürəm ki, çoxluq Rumıniya ilə birləşməyin lehinə deyil. Çoxluq Aİ üzvlüyünün lehinədir. Biz bu məqsəd üçün çalışırıq. Bu, daha real bir məqsəddir və suverenliyimizi qorumağa kömək edir”.
O, birləşmə fürsətinin 1990-cı illərin əvvəllərində əldən verildiyini qeyd edib.
“1980-ci illərin sonlarında “Milli İntibah” hərəkatları var idi və təbii ki, Moldova əvvəllər Rumıniyanın bir hissəsi olduğundan Rumıniya ilə birləşmək ehtimalı müzakirə olunurdu. Lakin o vaxt referendum olmadığı üçün nə qədər insanın səs verəcəyini bilmirdik. Eyni zamanda, “Milli İntibah” hərəkatının iştirakçılarının və küçələrə çıxan yüz minlərlə insanın sayına görə deyə bilərik ki, Rumıniya ilə birləşmək üçün dəstək almış olardıq”, - deyə Sandu vurğulayıb .