BAKI, 11 yanvar. TELEQRAF

Avropa İttifaqında (Aİ) ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı genişmiqyaslı sövdələşmə çərçivəsində Qrenlandiyanı əldə etməyə cəhd göstərə biləcəyindən ehtiyat edirlər.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bəzi avropalı rəsmilər hesab edirlər ki, Trampın komandasının Ukrayna üzrə razılaşmanın bir hissəsi kimi Qrenlandiyanı satın almaq niyyəti var.

Məsələ ilə bağlı nəşrə açıqlama verən Ağ Evin yüksəkvəzifəli rəsmisi bildirib ki, Prezidentin (Tramp -red.) belə bir addım atması ehtimalı azdır. Bununla belə, o, gələcəkdə vəziyyətin dəyişə biləcəyini istisna etməyib.

"Biz həmişə razılaşdırılmış şəkildə hərəkət edirik və sonra hər bir addımı yenidən nəzərdən keçiririk. Bu, bir növ biznes sövdələşməsinə bənzəyir", – deyə rəsmi əlavə edib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən ABŞ-nin Qrenlandiyaya sahib olmaq istədiyini və buna hər vasitə ilə nail olmaq niyyətində olduğunu bəyan etmişdi.