BAKI, 18 mart. TELEQRAF

Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci il Afrika Millətlər Kubokunun finalı ilə bağlı sensasiyalı qərar qəbul edib.

Teleqraf xəbər verir ki, Seneqal millisi final matçında qaydaları pozduğuna görə çempionluqdan məhrum edilib və Mərakeşə 3:0 hesablı texniki qələbə verilib.

Məlumata görə, Rabatda keçirilən final zamanı Seneqal yığmasının baş məşqçisi Pape Tiav və bir neçə futbolçu Mərakeşin penalti qazanmasına etiraz edərək meydanı 15 dəqiqəlik tərk ediblər. Komanda kapitanı Sadio Mane onların geri qayıtmasına nail olub. Daha sonra Brahim Diasın penalti zərbəsini qapıçı dəf edib və oyun əlavə vaxta gedib. Əlavə vaxtda Pape Qey qələbə qolunu vuraraq Seneqalın çempionluğunu təmin etmişdi.

Lakin CAF-ın apellyasiya komitəsi qərara alıb ki, bu davranış turnirin qaydalarının pozulması hesab olunur və Seneqal final matçında texniki məğlub sayılır. Qərara əsasən, nəticə 3:0 Mərakeşin xeyrinə qeydə alınıb.

Qurumun bəyanatında bildirilib ki, Seneqal Futbol Federasiyası komandanın davranışı ilə qaydaların müvafiq maddələrini pozub.

Qeyd edək ki, Seneqal tərəfinin bu qərardan idman arbitraj məhkəməsinə şikayət edəcəyi gözlənilir. Finaldan sonra Dakarda yüz minlərlə azarkeş Seneqalın qələbəsini qeyd etmişdi. Mərakeş isə sonuncu dəfə 1976-cı ildə Afrika Kubokunun qalibi olmuşdu.