AĞDAM, 17 mart. TELEQRAF
Dünən saat 00:10 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, yaralılara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən 2009-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Göstərilən bütün tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 00:30 radələrində 2008-ci il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib.
***
00:40
Ağdamda baş verən qəza zamanı xəsarət alan və ölən şəxslərin kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza zamanı xəsarət alanlar rayon sakinləri Musayev Cavid Əli oğlu və Abdullazadə İlkin Zamiq oğlu xəstəxanaya çatdırılıb.
Ağır xəsarət alan Musayev Cavid Əli oğlu xəstəxanada dünyasını dəyişib.
***
23:50
Ağdamda yol-nəqliyyat hadisəsi baş verb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Çəmənli kəndi ərazisində baş verib. Hərəkətdə olan "KİA"markalı 99 LE 662 dövlət nömrəli avtomobil idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb.
Baş verən qəza nəticəsində yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.