BAKI, 8 yanvar. TELEQRAF
ABŞ Senatı Prezident Donald Tramp administrasiyasının qanunvericilik orqanının təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməsini qadağan edən qətnamə üzərində işi davam etdirməyə səs verib.
Teleqraf xəbər verir ki, bu barədə Senatın saytında məlumat verilib.
Sənədin lehinə 52, əleyhinə isə 47 senator səs verib.
Qətnamə icra hakimiyyətinə qarşı tələbdir və prezidentin birtərəfli hərbi əməliyyatlara başlamaq səlahiyyətini məhdudlaşdırmaq məqsədi daşıyır.
ABŞ Konstitusiyasına görə, müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur. 1973-cü il Müharibə Səlahiyyətləri Qanunu prezidentin hərbi əməliyyatların başlanması barədə qanunvericiləri məlumatlandırmağı diktə edir, lakin praktikada bu tələb Vyetnam, İraq və Əfqanıstandakı kampaniyalar zamanı nəzərə alınmayıb.