BAKI, 2 yanvar. TELEQRAF

BMT-nin Baş katibi Antonio Quterreş həm Ukraynada, həm də Rusiya Federasiyasında davam edən hücumlar nəticəsində mülki şəxslər arasında itkilərin sayının artması və vacib infrastrukturun dağılması ilə bağlı dərin narahatlığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Dujarrik Ukrayna Silahlı Qüvvələrinin Xorli kəndinə endirdiyi zərbəni şərh edərkən bildirib.

“Baş katib davam edən hücumlar nəticəsində mülki əhali arasında itkilərin sayının artması və enerji obyektləri və limanlar da daxil olmaqla, vacib mülki infrastrukturun dağıdılması ilə bağlı dərin narahatlıq keçirir. Buraya Xerson bölgəsində baş verən son hücum haqqında məlumat da daxildir”, - deyə Dujarrik bildirib.

O, mülki əhaliyə və infrastruktur obyektlərinə hücumların beynəlxalq hüquqla qadağan olunduğunu, qəbuledilməz olduğunu və harada baş verməsindən asılı olmayaraq dayandırılmalı olduğunu vurğulayıb.