BAKI, 2 yanvar. TELEQRAF

Paytaxtda bir neçə gün ərzində əsən güclü küləklər sakinlər üçün ciddi problemlər yaradıb. Qurumuş ağaclar isə fəsadlara yol açıb.

Belə problemlə qarşılaşan Bakının General Mehmandarov küçəsi, bina 76-nın sakinləri Teleqraf-a müraciət edərək bildiriblər ki, binanın həyətindəki qurumuş ağaclar küləkli hava şəraitində həm insanlar, həm də məhəllədə park edilən avtomobillər üçün real təhlükə yaradır.

Quruyan və təhlükə olan ağacların kəsilməsi üçün aidiyyəti qurumlara müraciət olunduğu bildirilsə də, heç bir tədbir görülmür.

Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, qurumuş, təhlükə yaradan, qəzalı ağacların ərazidən götürülməsi üçün vətəndaşlar aidiyyəti üzrə yerli bələdiyyə və ya icra qurumuna müraciət etməlidirlər.

“Həmin qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir, sonra nazirliyin müvafiq qurumunun nümayəndələri ağaclarla bağlı rəy verir. Həmin rəyi Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndərirlər. Rəy əsasında birlik icra tədbiri görür, ağaclar ya budanır, ya da kəsilir”, - deyə cavabda qeyd edilib.