BAKI, 2 yanvar. TELEQRAF

"Rusiya dövlətinin müstəmləkə xarakteri nəzərə alınmaqla, Rusiya Federasiyasının süqutu real ssenaridir və Avropa buna hazır olmalıdır".

Teleqraf xəbər verir ki, bu fikri "Ukrinform"a müsahibədə Avstriyanın Ümumavropa Hərəkatının prezidenti Reynhard Kluçek ABŞ-nin təşəbbüsü ilə aparılan danışıqları şərh edərkən bildirib.

"Rusiya Federasiyası faktiki olaraq müstəmləkə imperiyasıdır. Putinin vəziyyətində isə məndə aydın təəssürat yaranır ki, o, bu müstəmləkə imperiyasını köhnə formasında bərpa etməyi xəyal edir. Əsas sual başqadır: bu müstəmləkə imperiyasında yaşayan xalqlar nə qədər müddətə Moskva tərəfindən istifadə olunmağa icazə verəcəklər? Və onlar nə vaxt deyəcəklər: bəsdir, indi özümüzü təşkil edirik? Mən bunu mümkün hesab edirəm və hətta ehtimal olunmaz da deyil", - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya tarixi göstərir ki, müharibələrdəki məğlubiyyətlər dəfələrlə sistemli dəyişikliklərə təkan verib.

"Rusiya hər dəfə müharibəni uduzduqda dərin dəyişikliklər baş verin: "Əfqanıstandan sonra, Birinci Dünya müharibəsindən sonra. Hər bir müstəmləkə imperiyası gec-tez dağılır", - deyə o qeyd edib.

Kluçekin sözlərinə görə, bu kontekstdə Avropa Rusiyanın mümkün süqutuna əvvəlcədən hazırlaşmalıdır. O, 20-ci əsrin sonlarındakı səhvləri təkrarlamamaq barədə xəbərdarlıq edib. "Biz bir çoxlarının 1989, 1990 və 1991-ci illərdə, xüsusən də Yuqoslaviya məsələsində etdiyi səhvi təkrarlamamalıyıq. O zaman qanlı süqut qorxusundan uzun müddət Miloşeviçi dəstəkləmişdilər. Qanlı süqut hər halda baş verdi", - deyə Avstriyanın Ümumavropa Hərəkatının prezidenti vurğulayıb.

O, Rusiyanın miqyasının daha böyük olduğunu və buna görə də risklərin daha yüksək olduğunu vurğulayıb. "Rusiya miqyas baxımından daha böyükdür. Biz qanlı finalda maraqlı olmamalıyıq. Amma bu baş verərsə, hazır olmalıyıq", - Kluçek bildirib.

Avropanın Rusiyanın dekolonizasiya ssenarisini daha fəal şəkildə təşviq edib-etməməsi ilə bağlı suala cavab olaraq o, qeyd edib: "Xüsusilə informasiya məkanında buna qarşı heç nəyimiz yoxdur. Tarixi presedentlər var".

Onun fikrincə, Avropa Rusiya Federasiyası daxilindəki regionların gələcəyi ilə bağlı siqnalları daha aydın şəkildə formalaşdırmalıdır: "Niyə bu gün müvafiq siqnallar verməyək və ya perspektivlər açmayaq? Və müəyyən dərəcədə bu, artıq baş verir".