BAKI, 17 dekabr. TELEQRAF

Romada metro sərnişinləri artıq yol boyu qədim tarixi seyr edə biləcəklər. İllərlə davam edən gecikmələrdən sonra şəhərdə arxeoloji tapıntıların nümayiş olunduğu iki yeni metro stansiyası istifadəyə verilib.

Teleqraf xəbər verir ki, Kolizeyin yaxınlığında yerləşən "Colosseo-Fori Imperiali" və San Covanni bölgəsindəki "Porta Metronia" stansiyaları pilotsuz "Metro C" xəttinin bir hissəsidir. Stansiyaların tikintisi zamanı Roma imperatoru Trayan dövrünə aid hərbi kazarma qalıqları, 28 qədim quyu, yaşayış evləri, hamamlar və müxtəlif votiv əşyalar aşkarlanıb.

"Colosseo-Fori Imperiali" stansiyası dörd səviyyədən ibarətdir və burada tapılan küplər, qablar, saç sancaq və heyvan buynuzları kimi arxeoloji nümunələr şüşə vitrinlərdə sərgilənir. Porta Metronia stansiyasında isə mozaika döşəməli, freskalarla bəzədilmiş böyük hərbi kompleks üzə çıxarılıb. Buradakı muzey hissəsinin gələn ilin əvvəlində açılması planlaşdırılır.