BAKI, 13 dekabr. TELEQRAF

Slovakiyanın Baş naziri Robert Fico Qərbi Avropanın Rusiya və Ukrayna münaqişəsində insan həyatına biganəliyini tənqid edib.

Teleqraf xəbər verir ki, Fico "belə Qərbi Avropanın bir hissəsi olmaq istəmirəm” bəyanatı ilə çıxış edib.

Fico sosial şəbəkədə yazıb ki, Avropa Şurasının sədri Antonio Koştaya telefon danışığı zamanı hər gün baş verən itkilərin mənasız olduğunu bildirib. Koşta isə söhbət zamanı əsasən Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsindən danışıb.

Baş nazir həmçinin dondurulmuş Rusiya aktivlərinin Ukraynanın hərbi ehtiyacları üçün istifadəsi planını kəskin tənqid edib və qarşıdakı sammitdə bu qərarı bloklayacağını deyib.

“Əgər Qərbi Avropa üçün rusun və ukraynalının həyatı heç nə ifadə etmirsə, mən belə Qərbin bir hissəsi olmaq istəmirəm”, — deyə Fico bildirib.

Qeyd edək ki, Slovakiya hökuməti 12 dekabrda Kiyevə “reparasiya krediti” ayrılmasına qarşı çıxacağını açıqlayıb.

Həmin gün Avropa İttifaqı Rusiya suveren aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.

Bundan əvvəl Slovakiyanın Aİ-ni məhkəməyə verməyə hazırlaşdığı məlumatı yayılmışdı.