BAKI, 2 aprel. TELEQRAF

"Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb (7.3 mlrd $). Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

O qeyd edib ki, eyni zamanda, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

"Lakin mövcud potensialımız qeyd edilən göstəricilərdən qat-qat böyükdür.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi, sənaye kooperasiyasının dərinləşdirilməsi, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi iqtisadi potensialımızın tam şəkildə reallaşmasına imkan yaradacaqdır", - deyə vurğulayıb.