BAKI, 11 dekabr. TELEQRAF
Polşa prezidenti Navrotski ölkənin MiQ-29 təyyarələrinin Ukraynaya verilməsi planlarından xəbərsiz olub.
Teleqraf xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Ukraynaya MiQ-29 qırıcılarını vermək planından prezident Karol Navrotskinin xəbərsiz qalması dövlət strukturlarında koordinasiya çatışmazlığını göstərir.
Bu barədə prezidentin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşıdaç açıqlama verib.
Pşıdaç bildirib: “Hökumət nümayəndələrinin və yüksək rütbəli zabitlərin bu istiqamətdə konkret planlar barədə açıqlamalarını müəyyən təəccüblə və maraqla qarşılayırıq.”
O xatırladıb ki, ölkənin baş komandanı prezident belə qərarların müzakirəsində mütləq iştirak etməlidir: “Təəssüf hissi ilə qeyd edirəm ki, prezident məlumatlandırılmayıb. Bu, hökumətin qeyri-peşəkarlığının göstəricisidir.”
Pşıdaç əlavə edib ki, prezidentlə məsləhətləşmələrin aparılmaması xoş niyyətin olmamasına və prezidentin dövlət üçün vacib məlumatlardan kənarda saxlanılmasına cəhd kimi qiymətləndirilə bilər.
Bundan əvvəl Polşa ordusunun Baş Qərargahı bəyan etmişdi ki, Varşava xidmətdən çıxarılan MiQ-29 qırıcılarını Ukraynaya verməyə hazırdır. Qeyd olunmuşdu ki, təyyarələr artıq öz resursunu tükədib. Onların modernləşdirilməsi perspektivi yoxdur. Polşa MiQ-29-ları mərhələli şəkildə "F-16" və "FA-50" qırıcıları ilə əvəzləməyi planlaşdırır.
Məlumatlara görə, plan Ukraynanın raket və PUA texnologiyaları ilə bağlı əvəzlənmə mexanizmini də əhatə edir.