BAKI, 2 aprel. TELEQRAF

"Müasir beynəlxalq münasibətlər sistemi bu gün mürəkkəb sınaqlarla üz-üzədir".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

O qeyd edib ki, dünyanın müxtəlif bölgələrində münaqişələrin dərinləşməsi, təhlükəsizlik risklərinin artması, logistika zəncirlərində pozuntular, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar dövlətlərarası əməkdaşlığın aktuallığını daha da artırır:

"Xüsusilə son zamanlar regionda müşahidə olunan gərginlik və artan eskalasiya şəraitində qarşılıqlı həmrəylik və koordinasiya olduqca böyük əhəmiyyət kəsb edir.

Belə mürəkkəb şəraitdə Türk Dövlətləri Təşkilatı geniş coğrafiyada sülhün, sabitliyin, inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə töhfə verən mühüm beynəlxalq platformadır".

Baş nazir qeyd edib ki, Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir: "Məhz onların ardıcıl səyləri Təşkilat çərçivəsində əməkdaşlığın ildən-ilə daha da dərinləşməsini və türk dünyasında həmrəyliyin möhkəmlənməsini təmin edən əsas amildir.

2025-ci ilin noyabr ayında UNESCO tərəfindən 15 dekabr tarixinin Dünya Türk Dili Günü elan edilməsi Türk dünyasının artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir.

Bu gün Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat-tranzit, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, humanitar və bir çox digər sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanlar mövcuddur.

Prezident İlham Əliyevin söylədiyi kimi, Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan TDT çərçivəsində əməkdaşlığa daim xüsusi önəm vermiş, Təşkilata üzv olan bütün dövlətlərlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurmuşdur.

Bu baxımdan, ölkələrimiz arasında ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur".