BAKI, 4 sentyabr. TELEQRAF

Münaqişənin müvəqqəti dayandırılması Ukraynanın itirilmiş əraziləri gələcəkdə geri qaytarmaq şansını artıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.

ABŞ və Avropanın döyüş meydanında qələbə üçün lazım olan qüvvələri təmin etməyə hazır olmadığı bir zamanda, Ukrayna üçün mümkün variantlar arasında ən yaxşısı hərbi əməliyyatlarının dondurulması ola bilər. Bu, Ukraynaya hüquqi iddialarını qorumağa və vaxt qazanmağa imkan verəcək.

"Bunu de-yure oğurlanmış ərazinin tanınmasını qəbul etməyən, etibarlı təhlükəsizlik zəmanətlərini təsbit edən və nəticədə Ukraynanın işğalı aradan qaldırmaq qabiliyyətinə investisiya qoyan "alman" finalına malik "Koreyasayağı" dondurulma adlandıra bilərsiniz. Bu, kapitulyasiya etmək deyil, vaxt baxımından strateji üstünlük qazanmaq olar", - materialda deyilir.

Müəlliflərin fikrincə, Rusiya iqtisadiyyatındakı problemlər və Avropa ölkələrinin onun enerji daşıyıcılarından imtina etməsi fonunda vaxt qazanmaq, çox güman ki, Ukraynanın xeyrinə olacaq.

Eyni zamanda, məqalədə vurğulanır ki, münaqişənin dondurulması ərazi dəyişikliklərinin hüquqi tanınmaması və Ukrayna üçün çoxsəviyyəli təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmalıdır.