
BAKI, 23 may. TELEQRAF
Fransa Rusiyanın bölgədəki fəaliyyəti ilə əlaqəli ola biləcək radio siqnallarını tutmaq üçün "Dupuy de Lome" kəşfiyyat gəmisini Baltik dənizinə göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Kieler Nachrichten” qəzeti məlumat yayıb.
Bildirilir ki, gəmi mayın 16-dan Baltik dənizindədir. Fransa tərəfi məlumatı təsdiqləməyib. Nəşr missiyanın məxfi xarakter daşıdığını yazıb.
İddia olunur ki, fransız gəmisi Almaniyanın Fehmarn adasından bir qədər aralıda Skagerrak boğazına doğru hərəkət edən Baltik Donanmasının rus korveti "Stoikiy" ilə qarşılaşıb.
"Dupuy de Lome" gəmisi elektron kəşfiyyat xidmətləri üçün nəzərdə tutulub.