BAKI, 10 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını artırmasından sonra Avropa avtomobil istehsalçıları bir il ərzində 8 milyard avrodan çox zərərə məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Məqalədə bildirilir ki, yeni rüsumlar artıq Çin bazarında sərt rəqabət və elektromobillərə keçidlə bağlı əlavə xərclərlə üzləşən Avropa avtomobil şirkətlərinə təzyiqi daha da artırıb.

Nəşrin məlumatına görə, ən çox zərər görən şirkət “Volkswagen” olub. Şirkətin itkiləri 3,6 milyard avro təşkil edib.

“BMW” 2,1 milyard avro, “Mercedes-Benz” 1,3 milyard avro, “Stellantis” isə 1,2 milyard avro əlavə xərc açıqlayıb.

Xatırladılıb ki, ABŞ 2025-ci ilin aprelində Avropadan idxal edilən avtomobillərə tətbiq olunan gömrük rüsumlarını 2,5 faizdən 27,5 faizə qaldırıb. Daha sonra Vaşinqton və Brüssel arasında əldə olunan razılaşmadan sonra tarif 15 faizə endirilib.