BAKI, 10 may. TELEQRAF

"Rusiya tərəfi Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışlarından sonra Ermənistandan rəsmi izahat gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə sammit daxil olmaqla, istənilən tədbiri keçirmək hüququ var. Lakin Moskvanın fikrincə, müttəfiq İrəvanın Volodimir Zelenskiyə anti-Rusiya bəyanatları səsləndirmək üçün meydan verməsi qəbuledilməzdir:

"Yalnız bir məqam qeyri-normaldır: İrəvanın tamamilə anti-Rusiya xarakterli çıxışlar üçün platforma təqdim etməsi. Bu, bizim Ermənistanla münasibətlərimizin ruhuna qətiyyən uyğun gəlmir. Moskva Ermənistandan bu məsələ ilə bağlı aydınlıq gətirilməsini gözləyir. Biz başa düşmürük ki, niyə Ermənistanda anti-Rusiya bəyanatları səslənir. Nəyə görə Ermənistan hökumətinin başçısı öz bəyanatları ilə bu vəziyyəti balanslaşdırmağa çalışmır? Hələlik bunu izah edə bilmirik".

D.Peskovun sözlərinə görə, anti-Rusiya bəyanatlarına şərait yaradılması və Ermənistan rəhbərliyi tərəfindən heç bir balanslaşdırıcı mövqeyin nümayiş etdirilməməsi vəziyyətin əlavə təhlil edilməsi üçün zəmin yaradır.