BAKI, 10 may. TELEQRAF
NATO Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanın kosmodromlarından birgə peyk buraxılışları üçün istifadə imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət alyansın 2024-cü ildə başladığı “Starlift” proqramına Hind-Sakit okean regionundan dörd tərəfdaş ölkənin qoşulmasından gedir.
Proqram çərçivəsində Almaniya, İtaliya və Fransa daxil olmaqla 10-dan çox NATO üzvü bir-birinə kosmik start meydançalarından qarşılıqlı istifadə imkanı yaradır.
“Starlift” proqramının əsas məqsədi fəaliyyətdə olan peyklər zədələndiyi və ya məhv edildiyi halda ehtiyat peyklərin qısa müddətdə orbitə çıxarılmasını təmin etməkdir. Proqram həm hərbi, həm də kommersiya peyklərini əhatə edir.
“Nikkei” qeyd edir ki, Tokio proqramda iştirak perspektivini ümumilikdə müsbət qiymətləndirir. Bununla yanaşı, Yaponiyanın iştirakı üçün xüsusi razılaşmanın imzalanması və avadanlıqların sərhəddən keçirilməsi zamanı gömrük məsələlərinin həlli tələb olunur.
Nəşrin məlumatına görə, Yaponiya hökumətində bununla bağlı idarələrarası koordinasiya artıq başlayıb.