BAKI, 10 may. TELEQRAF

İspaniyanın Kanar adalarına hantavirus yayılmış kruiz gəmisi çatıb. Üç nəfərin öldüyü və bir neçə şəxsin yoluxduğu gəmidə olan sərnişinlərin xüsusi nəzarət altında təxliyəsinə başlanılır.

Teleqraf xəbər verir ki, Niderland bayrağı altında fəaliyyət göstərən “MV Hondius” kruiz gəmisi bazar günü səhər saatlarında İspaniyanın Granadilla limanı yaxınlığına gəlib.

Gəmi İspaniya Mülki Qvardiyasının müşayiəti ilə əraziyə daxil olub.

Məlumata görə, gəmidə qeydə alınan hantavirus səbəbindən Niderland vətəndaşı olan ər-arvad və bir Almaniya vətəndaşı həyatını itirib. Daha bir neçə nəfərdə isə xəstəliyin simptomları aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) bildirib ki, yoluxan şəxslərdə insandan insana keçə bilən yeganə hantavirus növü hesab olunan Andes virusu təsdiqlənib. Bu isə beynəlxalq səviyyədə narahatlığı artırıb.