
BAKI, 24 mart. TELEQRAF
Tailand Milli Assambleyasının (parlament) Nümayəndələr Palatasında baş nazir Fetonqtan Şinavatra hökumətinə etimadsızlıqla bağlı müzakirələr başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Tailand PBS telekanalı məlumat yayıb .
Müxalifətdə olan Xalq Partiyasının təşəbbüsü ilə keçiriləcək parlament müzakirəsi iki gün davam edəcək.
Səsvermənin martın 26-da keçirilməsi planlaşdırılır.
Baş nazirin müşaviri Thirayu Huangsap debatdan əvvəl Şinavatranın rəhbərliyinə güvəndiyini bildirib: "Mən əminəm ki, baş nazir etimadsızlıq müzakirəsi zamanı müxalifətin qaldırdığı bütün suallara cavab verə biləcək. O, yeni nəslin bacarıqlı lideridir", - müşavir bildirib.
Yerli müşahidəçilər deyirlər ki, etimadsızlıq səsverməsinin 500 yerlik Nümayəndələr Palatasından keçəcəyi ehtimalı azdır, çünki Phua Tay Partiyasının rəhbərlik etdiyi hakim koalisiya 322 yerə nəzarət edən çoxluğa malikdir. Eyni zamanda, Xalq Partiyası hakimiyyətin hesabını tutmaq qabiliyyətini nümayiş etdirməlidir.