
BAKI, 23 mart. TELEQRAF
Rusiya həm Budapeşt Memorandumunu, həm də Minsk razılaşmalarını pozub, ona görə də Ukraynada istənilən atəşkəs yalnız NATO-nun müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracağı və Kremli daim təhdid edəcəyi təqdirdə davamlı sülhə çevrilə bilər.
Teleqraf xəbər verir ki, bu fikri 2014-2017-ci illərdə Böyük Britaniyanın müdafiə naziri olmuş Maykl Fallon “The Sun”a müsahibəsində bildirib.
Fallona görə, Ukraynada atəşkəs həmişəkindən daha yaxın görünsə də, bu Putinin Sovet İttifaqını dirçəltmək arzularına son qoyacağı anlamına gəlmir. Onun fikrincə, NATO bu fantaziyaların gerçəkləşməsini qeyri-mümkün etməlidir.
Siyasətçi bildirib ki, Alyans ölkələrinin üçdə biri hələ də ÜDM-in 2%-ni belə müdafiəyə xərcləmir, baxmayaraq ki, bu, Rusiyanın Krımı işğalından sonra razılaşdırılıb. Fallonun sözlərinə görə, bu gün minimum səviyyə müdafiə xərclərinin 3%-i olmalıdır.
"Avropa ölkələri öz ayaqları üzərində dayanmalı və təhlükəsizlik məsələlərində ABŞ-a arxalanmağa son qoymalıdırlar" - sabiq nazir bildirib.