BAKI, 11 mart. TELEQRAF

Rusiyanın Moskva vilayətinə edilən PUA hücumu nəticəsində 1 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

Hadisə zamanı daha 3 nəfərin isə yaralandığı qeyd edilib.

Vəziyyətlə əlaqədar 3-ü uşaq olmaqla 12 nəfərin təxliyəsi həyata keçirilib.

Qubernatorun sözlərinə görə, pilotsuz təyyarənin qalıqları yaşayış binasının üzərinə düşüb və orada 19-22-ci mərtəbələr arasında təxminən 7 mənzilə ziyan dəyib.

Vorobyov ümumilikdə 60-dan çox PUA-nın zərərsizləşdirildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə isə, Ukraynadan Rusiya ərazisinə 337 PUA buraxılıb.

Dron hücumundan sonra Domodedovo və Jukovski aeroportları uçuşa bağlanıb.

Xatırladaq ki, daha əvvəl paytaxt meri Sergey Sobyanin Moskva istiqamətində hərəkət edən 69 PUA-nın vurulduğunu açıqlayıb. Bu müharibənin başlandığı tarixdən etibarən Moskvaya edilən ən irimiqyaslı hücumdur.