BAKI, 20 fevral. TELEQRAF

Macarıstan Avropa İttifaqı rəhbərliyinin Ukraynaya 20 milyard avroluq yardım paketinin verilməsi ilə bağlı yeni təklifinə qarşı çıxır, çünki bu pulun yalnız müharibənin davam etdirilməsi üçün istifadə olunacağına inanır.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto deyib.

O bildirib ki, məsələ fevralın 24-də Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə ediləcək:

"Bu təklif Avropanın müharibəyönlü liberal rəhbərliyi tərəfindən hazırlanıb. Eyni zamanda Avropa dövlətlərinin xalqlarını müharibənin davam etdirilməsi üçün pul ödəməyə məcbur etmək məqsədi daşıyır. Avropa İttifaqı liderləri Ukraynanın müharibəni davam etdirməsi və sülh danışıqlarında əldə edilə biləcək daha az əlverişli razılaşmadan qaçması üçün Kiyevə təxminən 20 milyard avroluq yardım paketi ilə bağlı qərar qəbul etmək istəyir".

Onun sözlərinə görə, Aİ rəhbərliyi hərbi əməliyyatları davam etdirmək və sülhün bərqərar olmasını qeyri-mümkün etmək üçün bu vəsaiti Ukraynaya verməyi planlaşdırır:

"Biz bazar ertəsi bu təklifi qəbul etmək niyyətində deyilik. Bunu dəstəkləməyəcəyik, çünki müharibəni davam etdirmək üçün 20 milyard avroluq Avropa dövlət pulunun Ukraynaya ödənilməsini istəmirik".