BAKI, 14 fevral. TELEQRAF

Almaniyada keçiriləcək Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiya-Ukrayna müharibəsinin həllinə dair üçtərəfli görüş olacaq.

Teleqraf xəbər verir ki, bu barədə “BBC” ABŞ Prezidenti Donald Trampın açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, danışıqlarda Ukrayna, Rusiya və ABŞ rəsmiləri iştirak edəcək.

“Rusiya orada bizimlə birgə olacaq, danışıqlara Ukrayna da dəvət olunub. Hansı ölkədən kimin iştirak edəcəyini dəqiq bilmirəm, amma Rusiya, Ukrayna və ABŞ-dən yüksək səviyyəli şəxslər olacaq”, - Ağ Evin rəhbəri qeyd edib.

Tramp sözügedən görüşlə bağlı başqa detal açıqlamayıb.

Ukrayna ordusunun adı açıqlanmayan yüksək rütbəli üzvü isə Münxendə Rusiya tərəfi ilə danışıqların olmayacağını bildirib.

Qeyd edək ki, 14-16 fevral tarixlərində keçiriləcək Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ vitse-prezidenti Ceyms Devid Vens və Dövlət katibi Marko Rubio ilə görüşü gözlənilir.