“Radikallar və onların xarici himayədarları ölkəni parçalamağa, Gürcüstanı Ukraynaya çevirməkdən ötrü bəhanə uydurmağa çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, artıq üçüncü ildir Gürcüstanın Ukraynalışdırılmasına nail ola bilməyən Avropanın konkret siyasətçiləri və bürokratlar namizəd statusu və danışıqların bərpası məsələsindən Gürcüstanın zəiflədilməsi üçün davamlı olaraq istifadə etməyə çalışırlar.

“Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara, ən əsası, təcrübəli və müdrik insanlara malik müstəqil dövlətdir, onun gücünü heç kim sarsıda bilməz. Gürcüstanda “Maydan ssenarisi”ni həyata keçirmək mümkün deyil. Gürcüstan dövləti buna imkan verməyəcək”, - Kobaxidze deyib.

Baş nazir bildirib ki, ötəngünkü mitinqə görə məsuliyyət Avropanın müvafiq siyasətçiləri və bürokratları, eləcə də dörd siyasi partiyanın təmsil olunduğu “beşinci kolon”un üzərinə düşür.