Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı Azərbaycanda iqlim dəyişikliyinə cavab tədbirlərini dəstəkləmək üçün vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) potensialının artırılmasına diqqət yetirir.
Teleqraf.com xəbər verir ki, bu məqsədlə Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində 40-a yaxın vətəndaş cəmiyyəti təşkilatı və fəal qrupların iştirakı ilə maarifləndirmə proqramı təşkil edilib.
İştirakçılar iqlim riskləri və onun nəticələri, beynəlxalq iqlim sazişləri çərçivəsində ölkələrin öhdəlikləri haqqında ətraflı məlumat əldə ediblər.
Sessiyalar Bakının ətraf qəsəbəsində yerləşən Qala Etno-Ekoloji Mərkəzində təşkil olunur. Proqram çərçivəsində iştirakçılar iqlim dəyişikliyinin müxtəlif icmalara və iqtisadi sektorlara necə təsir etdiyini müzakirə edir, adaptasiya strategiyaları ilə tanış olur, həmçinin beynəlxalq iqlim danışıqlarını qrup şəklində çalışırlar.
Qeyd edilməlidir ki, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə BMTİP tərəfindən həyata keçirilir. Layihə siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.