BAKI, 15 iyul. TELEQRAF
Braziliyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Mişel Pereyra UFC ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə "MMA Fighting" nəşrinin insayderi Gilyerme Kruz məlumat yayıb.
Bildirilib ki, əvvəlki müqaviləsi başa çatdıqdan sonra Pereyra UFC ilə cəmi bir döyüş üçün yeni anlaşma imzalamışdı. Həmin görüşdə o, Bakıda keçirilən turnirdə rusiyalı Şara Bulletə (Şarabutdin Maqomedov) hakimlərin yekdil qərarı ilə məğlub olub.
35 yaşlı döyüşçü UFC-də keçirdiyi görüşlərdə 10 qələbə və 6 məğlubiyyət əldə edib. O, son beş qarşılaşmasının dördündə məğlub olub.
Qeyd edək ki, Mişel Pereyra Şara Bulletlə döyüşdən sonra hakimliyi sərt tənqid etmişdi. Braziliyalı idmançı rəqibinin gözünə barmaq salmasına və saçını çəkməsinə baxmayaraq, onun cəzalandırılmamasından narazılığını ifadə etmişdi.
"Gecənin döyüşü" seçildiyindən Şara Bullet bu qələbəyə görə 100 min dollar mükafat almışdı.