“Boksçularımızın fiziki hazırlığı yüksək səviyyədədir. Bundan sonra da Boks Federasiyası olaraq Azərbaycanda peşəkar boks üzrə belə yarışların keçirilməsini davam etdirəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov “Çempionlar gecəsi” barədə danışarkən deyib.

O, bəzi Azərbaycan boksçularının peşəkar boksda debüt etdiyini bildirib:

“Nəzərə almaq lazımdır ki, bu boksçularımız əsasən olimpiya boksunda iştirak ediblər. Hazırda peşəkar boksda debüt döyüşləridir. Məsələn, Sərxan Əliyev dünya üçüncüsü olub, kifayət qədər ciddi boksçudur. Altı raund vuruşmaq onlar üçün yeni təcrübədir. Onlar üç raund döyüşməyə öyrəşiblər”.

Hüseynov Azərbaycanda dünya səviyyəli peşəkar boksçuların yetişdirilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb:

“Otuz il ərzində peşəkar boksda dünya şöhrətli boksçumuz hələ ki, yetişməyib. Buna görə ciddi strategiya hazırlamışıq. Bu strategiyaya uyğun olaraq gənc boksçularımızı hazırlayacağıq ki, dünya səviyyəli peşəkar boksda öz sözlərini desinlər. Çünki hazırda dünyada peşəkar boksa daha çox maraq var”.

Federasiya rəsmisi “Çempionlar gecəsi”nin ölkə boksuna faydasından da danışıb:

“Bu yarış ikinci dəfədir keçirilir. Qeyd etmək lazımdır ki, 2024-cü ildə keçirdiyimiz IBA boks gecəsi dünyada keçirilən 30 boks gecəsi arasında ilk üçlüyə daxil olmuşdu. Keyfiyyətinə və marağına görə seçilmişdi. Bildiyiniz kimi, bu yarış dünyanın 30-dan çox ölkəsinə birbaşa yayımlanır”.

Qeyd edək ki, “Çempionlar gecəsi” Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə keçirilir.