BAKI, 10 iyul. TELEQRAF
“Öz auditoriyamızda, millətimizin qarşısında döyüşmək bizim üçün böyük motivasiya idi”.
Teleqraf xəbər verir ki, bunu “Çempionlar Gecəsi”ndə qazaxıstanlı Nurtas Ajbenova qarşı qələbə qazanan azərbaycanlı boksçu Sərxan Əliyev döyüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
İdmançı rəqibinin güclü olduğunu bildirib:
“İlk döyüş mənim idi. Rəqibim çox yüksək səviyyəli, peşəkar döyüşçü idi. Peşəkar və həvəskar boks arasında çox böyük fərq var”.
Sərxan Əliyev döyüşə yaxşı hazırlaşdığını vurğulayıb:
“Baş məşqçimiz və köməkçi məşqçilərimizlə birlikdə çox yaxşı hazırlıq keçmişdik. Yüksək səviyyəli məşqlər etdik. Nəinki altı raund, bundan sonra bəlkə də daha beş-altı raund çox rahat döyüşərdim. Çünki fiziki durumum çox yaxşı idi, özümü əla hiss edirdim”.
Boksçu doğma azarkeşlər önündə çıxış etməyin ona əlavə motivasiya verdiyini söyləyib:
“Düşünürəm ki, bunun da təsiri ilə yorulmadım. Axıra kimi çalışdım və şükürlər olsun ki, döyüşdən qələbə ilə ayrıldım”.
Sərxan Əliyev sonda təşkilatçılara təşəkkür edib:
“Çox yaxşı hiss edirəm. Azərbaycan Boks Federasiyasının rəhbərliyinə, bütün federasiya üzvlərinə və təşkilatçılara təşəkkür edirəm. Arxa planda daha çətin işlər, proseslər gedir. Bizə dəstək olan hər kəsə minnətdaram”.