“Öz evimdə döyüşmək sözlə ifadə olunmayacaq bir hiss idi”.
Teleqraf xəbər verir ki, bunu azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov sosial media hesabında yazıb.
O, azarkeşlərin dəstəyinə görə təşəkkür edib:
“Döyüşdən sonra xalqımın mənə bu qədər sahib çıxması məni həqiqətən duyğulandırdı”.
Sadıxov qarşılaşmanın vaxtından tez dayandırıldığını düşündüyünü bildirib:
“Mən inanıram ki, döyüş lazım olduğundan tez dayandırıldı. Görmədiyim çox yaxşı bir zərbə aldım və özümə gəlmək üçün mənə bir fürsət verilməli idi. Məncə, hamımız qanlı və yaddaqalan başqa bir döyüş izləmək fürsətindən məhrum olduq".
Azərbaycanlı döyüşçü nəticə ilə barışdığını və bunun onun üçün son olmadığını vurğulayıb:
“Amma hər şeydə bir xeyir var. Mən bu nəticə ilə barışmışam və bu, mənim üçün qətiyyən son deyil. Hər şeyə görə Əlhəmdülillah. İnşallah daha güclü qayıdacağam və sizə birlikdə qeyd edəcəyimiz qələbələr bəxş edəcəyəm”.
Qeyd edək ki, Nazim Sadıxov paylaşımında rəqibini və onun komandasını da təbrik edib.