BAKI, 24 oktyabr. TELEQRAF
“Mən hər zaman qalib gəlmək istəyirəm. Bu, mənim üçün çox ağrılıdır. Qələbə qazanmaq üçün imkanımız da var idi. “Qarabağ”a qarşı 3:1 hesabı ilə öndə idik, sonda 3:3 oldu. “Sabah”la görüşdə də qalib gələ bilərdik. Əsas odur ki, artıq bu rəqiblərlə oyunlarda uduzmuruq. Onlarla bərabər səviyyədə mübarizə aparırıq”.
Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının IX turunda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis matç haqqında fikirlərini bölüşərək azlıqda qaldıqdan sonra komandanın göstərdiyi performansı dəyərləndirib:
“Xal qazandıq, yoxsa itirdik, bunu demək çətindir. İlk 20 dəqiqədə oyun istədiyimiz kimi getmədi. Demək olar ki, həmin müddətdə “Turan Tovuz” daha kəskin oynayırdı. Sonradan müdafiəçimizin səhvi ucbatından azlıqda qaldıq. Lakin bundan sonra bərabər heyətdə olduğumuzdan da yaxşı oynamağa başladıq. Bir qol vurduq və fasiləyə üstünlüklə yollandıq.
Həmin vaxt da bilirdim ki, bizim üçün çətin olacaq. Belə komandaya qarşı azlıqda oynamaq asan deyil. Ona görə də 5 müdafiəçi, 3 mərkəz oyunçusu və 1 hücumçu sxeminə keçdik. Demək olar ki, bütün mövqeləri bağlamışdıq. Buraxdığımız qola qədər rəqibin təhlükəli epizodu yox idi. Daha sonra qol buraxdıq və rəqibin daha bir qol imkanı yarandı. Emil Balayevə təşəkkür edirəm, bizi təhlükədən xilas etdi”.
Təcrübəli mütəxəssis müdafiədəki səhvlərə toxunaraq özünü günahkar hesab etdiyini bildirib:
“Müdafiəçinin nələr düşündüyünü bilmirəm, onların beyninə girə bilmərəm. Çox sadə epizodda dayandı. Biz müdafiə xəttinin üzərində davamlı işləyirik. 10 aydır buradayam, artıq özümə də utancvericidir. Görünür, pis işləmişəm, burada özümü də günahkar görürəm. Günahı özümdə axtarıram və daha çox çalışmalıyam.
Rəqiblərlə açıq futbol oynamaq məsələsinə gəlincə, "Qarabağ"la ötən mövsüm açıq futbol oynadıq və nəticədə 1:5 hesablı məğlub olduq. Hətta 3:3 bitən "Qarabağ" oyunu da mənim çox xoşuma gəlməmişdi, çünki daha çox topsuz idik. Amma yenə də çalışırıq və hücumlar qurub qollar vururuq”.
İki xal itirdiklərini vurğulayan baş məşqçi tənqidlərə açıq olduğunu deyib:
“Bütün məqamları nəzərə alsaq, əsas odur ki, bu gün uduzmadıq. Şəxsi fikrim odur ki, biz iki xalı itirdik. Buna görə məni tənqid edə bilərsiniz, amma mən həmişə bütün matçlarda qalib gəlmək istəyirəm. İşləməyə davam edəcəyik”.
Baş məşqçi kapitan Emin Mahmudovun zədəsi və İqor Ribeyronun qırmızı vərəqəsi barədə də danışıb:
“Emin Mahmudovun mikrozədəsi var idi. Hətta onu oyunun iştirak ərizəsinə də daxil etməmişdik.
İqor Ribeyronun “Turan Tovuz”la oyunlarda üçüncü qırmızı vərəqəsi olmasına gəlincə, deməzdim ki, onun bu komandaya qarşı aqressiyası var. Müdafiəçinin səhvi oldu, topa daha tez getmək lazım idi. Dünən Ukrayna çempionatında “Dinamo” ilə “Kudrivka” arasında keçirilən oyunda İvan Petryak ağır zədə aldı, kəllə sümüyü zədələndi. Orada da aqressiya yox idi, baş-başa toqquşma idi. Ən önəmlisi sağlamlıqdır”.
Vernidub komandadakı gərgin iş qrafikini və dil baryerini nəzərə çatdırıb:
“Səhər saat 09:00-da bazaya gəlirəm, axşam 19:00-da çıxıram. Hətta bəzi məşqçilərim işdən axşam saat 23:00–24:00-da çıxırlar. Çünki rəqiblərimizi dərindən təhlil edirik. Çox yaxşı təhlillərimiz olur, amma bəzilərinin bunlara niyə diqqətlə qulaq asmadığı mənə maraqlıdır. Komandamız çoxmillətlidir — ispan, fransız və ingilis dillərində danışanlar var. Bəlkə də hamı tərcüməni tam başa düşmür. Üç dili öyrənmək çətindir, amma Azərbaycan dilini öyrənmək mənim üçün daha önəmlidir, çünki burada yaşayıram və sizinlə ünsiyyətdə oluram”.