BAKI, 25 iyun. TELEQRAF

“Bu, Azərbaycan idmançılarının və taekvondosunun inkişafının bariz göstəricisidir”.

Teleqraf xəbər verir ki, bunu Alpman Taekvando Klubunun baş məşqçisi Zahid Nadirov jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən iki mötəbər beynəlxalq yarışda uğurlu nəticələr əldə edib:

“İyunun 18-i, 20-si, 21-i və 22-si tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində iki mötəbər beynəlxalq yarışda Azərbaycan komandası iştirak etdi. Ümumilikdə 10 komanda ilə qatıldığımız hər iki yarışı yüksək nəticələrlə başa vurduq. Xüsusilə qeyd etmək istəyirəm ki, yeniyetmələr arasında Azərbaycan komandası bütün rəqiblərini qabaqlayaraq Avropa birincisi oldu”.

Zahid Nadirov medal qazanan idmançıları təbrik edib:

“Klublararası Avropa çempionatında Azərbaycan komandası ümumilikdə bütün kateqoriyalar üzrə 2 qızıl, 3 gümüş və 2 bürünc medal əldə etdi. Ardınca keçirilən Bosniya açıq reytinq turnirində isə komandamız 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazandı. Bu münasibətlə bütün medal qazanan idmançılarımızı təbrik edirəm”.

Baş məşqçi Azərbaycan Taekvondo Federasiyasının dəstəyini də xüsusi vurğulayıb:

“Başda Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi olmaqla, bizə dəstək göstərən hər kəsə təşəkkür edirik. İdmançılarımıza daim qayğı göstərilir və biz bunu yarışın əvvəlindən sonuna qədər hiss etdik. Növbəti yarışlarda da bütün idmançılarımıza uğurlar arzulayıram”.