BAKI, 24 iyun. TELEQRAF
“Maraqlı döyüş alınacaq. Bizi çətin mübarizə gözləyir. Rəqibimi məğlub etməliyəm. Biz döyüşə hazırlaşırıq və bunun üçün möhkəm olmalıyıq".
Teleqraf xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin ikinci əsas döyüşünün iştirakçısı Maykl Pereyra mətbuat konfransında deyib.
O, rəqibi ulduz döyüşçü Şarabutdin Maqomedovla döyüşə yüksək motivasiyada çıxacağını qeyd edib:
“Şarabutdin Maqomedovu bəyənmirəm, açıq deyim, onunla dost olmaq istəmərəm. Sosial şəbəkələrdə onu izləmirəm. Nə paylaşım etdiyi də maraqlı deyil. Vaxtilə elə bir söz dedi ki, mən bunu şəxsi qəbul etdim. Braziliyada böyük daşqın olmuşdu, çox böyük və dəhşətli bir fəlakət idi. Mən də insanlara kömək etməyə çalışırdım, yardım fondlarına dəstək olurdum. Adətən vaxtımı insanlara yardım etməyə sərf edirəm. Amma o, heç bir səbəb olmadan mənim insanlara kömək etməyim barədə mənfi fikirlər bildirdi, bunu tənqid etmək üçün fürsətə çevirdi. Ona görə də həqiqətən onu sevmirəm. Mənə yaxşı insan təsiri bağışlamır. Buna heç bir marağım yoxdur. Əksinə, bu məni daha da motivasiya edir ki, gedib onu məğlub edim”.
“Azarkeşlər mənim haqqımda çox şey bilirlər. Sosial şəbəkədə paylaşımlar edirəm. Həyatım açıq kitab kimidir”.
Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.