BAKI, 16 sentyabr. TELEQRAF

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanan Osman Nurmaqomedovi təbrik edib.

Teleqraf xəbər verir ki, Cabbarov bununla bağlı feysbuk səhifəsində paylaşım edib.

"Milli komandanın təcrübəli üzvü, sərbəst güləşçimiz Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıb. Karyerasında 4-cü dəfə dünya çempionatında fəxri kürsüyə qalxan güləşçimizi, məşqçilərimizi və idmançımızın ailə üzvlərini təbrik edirik. İnanırıq ki, Osman gələcək yarışlarda daha yüksək əyarlı medallarla bizi qürurlandıracaq", - deyə Mikayıl Cabbarov yazıb.

Qeyd edək ki, Azərbaycan sərbəst güləşçilərindən daha öncə Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev də (86 kq) bürünc medal qazanıblar. Giorgi Meşvildişvili (125 kq) isə gümüş medal əldə edib.