BAKI, 9 avqust. TELEQRAF
“Dünya çempionatından sonra geniş bir hazırlıq mərhələsini yekunlaşdırdıq və idmançılar üçün istirahət vacib idi. İndi isə uzun yay dövründə formaya qayıtmaq üçün ən uyğun məkan bura oldu".
Teleqraf xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan millisinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman komandanın Quba toplanışı ilə bağlı açıqlamasında Azərbaycan Cüdo Federasiyasının rəsmi səhifəsinə deyib.
O, Bakıda havanın çox isti olduğunu bildirib: "Yer dəyişikliyi isə idmançıların motivasiyasını artırır. Burada hava təmizdir. Dağlara qalxmaq da mümkündür. Yəni bu toplanış bizim üçün faydalı oldu. Əsas diqqətimiz fiziki hazırlığa yönəlib. Amma bu zamanı effektiv şəkildə istifadə edərək ne-vaza üzrə də inkişaf etməyə çalışırıq. Bu istiqamətdə çox işləyirik və deyə bilərəm ki, idmançılarımız özlərini yaxşı tərəfdən göstərdilər”.
Trautman millinin Braziliyada da hazırlıq keçəcəyini açıqlayıb: "Bu bizim İslam Həmrəylik Oyunlarına uzunmüddətli hazırlığımızın ilk mərhələsidir. Təbii ki, bu mərhələdə bəzi qran-pri yarışlarında da iştirak edəcəyik. Amma xüsusi hazırlıq olmadan. Əsas hədəfimiz İslam Oyunlarıdır. Bu toplanışdan sonra üç həftə Bakıda məşqlərimizə davam edəcəyik. Daha sonra isə Braziliyada iki həftəlik ümumi hazırlıq mərhələmiz olacaq”.