BAKI, 25 may. TELEQRAF
Kembric Universitetinin Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə universitetinin qədim kolleclərindən biri olan Darvin Kollecində (“Darwin College”) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.
Tədbirdə universitetinin azərbaycanlı və əcnəbi tələbələri, Birləşmiş Krallıqda yaşayan azərbaycanlı gənclər, akademik ictimaiyyətin nümayəndələri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova və komitə əməkdaşı Ləman Əliyeva, Azərbaycan Respublikasının Birləşmiş Krallıq və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin əməkdaşı Təyyibə Mehdiyeva iştirak edib.
Görüş Azərbaycan Respublikasının və Birləşmiş Krallığın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Tələbə Cəmiyyətinin idarə heyətinin üzvü Samin Hüseynov iştirakçıları salamlayıb və 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Şöbə müdiri Səlhət Abbasova çıxışında xaricdə yaşayan azərbaycanlı gənclərin milli dəyərlərimizin, tariximizin və dövlətçilik ənənələrimizin təbliğində mühüm rol oynadıqlarını qeyd edib və bu kimi tədbirlərin mədəniyyətlərarası dialoq, bilik mübadiləsi və dostluq mühitinin formalaşması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında film nümayiş etdirilib.
Böyük Britaniyanın Svansi Universitetində (“Swansea University”) tarix ixtisası üzrə doktorantura təhsili alan soydaşımız Nərgiz Nəhmətova “Müstəqillik bəxş edilmir: Ziyalılar və ilk Azərbaycan Respublikası” (“Independence Is Not Given: Intellectuals and the First Azerbaijani Republic”) mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında ziyalıların ideoloji və siyasi fəaliyyəti, demokratik dəyərlərin təşəkkülü, ilk respublikanın dövlətçilik tariximizdəki rolu və müasir Azərbaycan dövlətinin formalaşmasına təsiri barədə ətraflı məlumat verilib.
Tədbir şəbəkələşmə sessiyası ilə davam edib. İştirakçılar arasında fikir mübadiləsi aparılıb və müzakirələr keçirilib.
Bu kimi tədbirlər xaricdə yaşayan azərbaycanlı gənclər arasında milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin beynəlxalq akademik mühitdə təşviqi və diaspor fəaliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.