BAKI, 18 iyun. TELEQRAF

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə əməkdaşlığı ilə Çinin Şanxay və Uhan şəhərlərində beynəlxalq səviyyəli gənclər proqramları təşkil olunub. Proqramlar “Qlobal Gənclərin İnkişaf Proqramı” çərçivəsində həyata keçirilib.

Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.

Şanxayda “Gənc sahibkarlar və startap yaradıcıları akselerasiya” mövzusunda keçirilən təlimə İpək Yolu coğrafiyasından olan gənc sahibkarlar, startap təsisçiləri və innovativ layihələrin müəllifləri qatılıb. Onlar texnologiya, innovasiya, süni intellekt, sağlam həyat tərzi, davamlı istehsal, yaradıcı iqtisadiyyat, müasir media, musiqi, mədəniyyət, iqtisadi inkişaf, sahibkarlıq və könüllülük istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Daha sonra Uhan şəhərində Dünya Gənclərinin İnkişaf Forumu (World Youth Development Forum – WYDF) öz işinə başlayıb. 5-ci dəfə təşkil olunan forum dünyanın müxtəlif ölkələrindən gənc liderləri, sahibkarları, siyasətçiləri, tədqiqatçıları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

Forumda Şanxayda keçirilən Akselerasiya Təlim Proqramının nəticələri də açıqlanıb. Seçilmiş iştirakçılar öz startap layihələrini beynəlxalq auditoriyaya təqdim edib, innovativ təşəbbüsləri barədə məlumat veriblər. Tanınmış sahibkar, “Xiaomi” şirkətinin təsisçisi Lei Jun gənc sahibkarların layihələrini qiymətləndirib, innovasiya və sahibkarlıq sahəsində öz təcrübəsini iştirakçılarla bölüşüb.

Bununla yanaşı, “Yaradıcı iqtisadiyyat və müasir mədəniyyət” adlı tematik sessiya olub. Sessiyada “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti, soydaşımız Aytən Əliyeva çıxış edərək, sosial medianın müasir mədəniyyətin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb. O bu platformaların cəmiyyətə təsirinin həm müsbət, həm də mənfi tərəflərinin nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.

Yekunda Dünya Gənclər İnkişaf Federasiyasının İdarə Heyətinə növbəti seçkilər keçirilib. Aytən Əliyeva yenidən təşkilatın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, Gənclər Bəyannaməsi qəbul olunub. Sənəddə gənclərin dayanıqlı inkişaf, innovasiya, sahibkarlıq, könüllülük və beynəlxalq əməkdaşlıq sahələrində rolunun gücləndirilməsi ilə bağlı çağırışlar yer alıb.