BAKI, 12 may. TELEQRAF
Macarıstanın nüfuzlu “Daily News Hungary” xəbər saytında “Azərbaycan diasporunun fəaliyyəti müasir kommunikasiya və rəqəmsal diplomatiya fonunda” başlıqlı məqalə dərc olunub.
Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.
Məqalədə Azərbaycan diasporunun öz fəaliyyətində müasir rəqəmsal kommunikasiya imkanlarından istifadəsindən bəhs olunur.
Həmin məqalənin Azərbaycan dilinə tərcüməsini oxuculara təqdim edirik:
Azərbaycan diasporunun fəaliyyəti müasir kommunikasiya və rəqəmsal diplomatiya fonunda
Sürət, ictimai iştirakçılıq və şəffaflıq müasir kommunikasiya və rəqəmsal diplomatiyanın vacib şərtlərindəndir. Bu gün dünyada rəqəmsallaşmanın əhatə dairəsinin sürətlə genişlənməsi, informasiya texnologiyalarının inkişafı, sosial media və rəqəmsal platformaların təsirinin artması diaspor fəaliyyətinə də yeni məzmun və forma qazandırır.
Diasporla İş üzrə Dövlət Komitəsi hazırda 70-dən çox ölkədəki soydaşlarımızla, onların birləşdiyi 500-dən artıq diaspor təşkilatı ilə işləyir. Azərbaycan dövlətinin xarici siyasət prioritetləri ilə uzlaşaraq milli maraqların müdafiəsinə xidmət edən diaspor təşkilatları bu gün rəqəmsal platformalarda birləşir, daha sürətli informasiya yaymaq, tədbirlər təşkil etmək və beynəlxalq auditoriya ilə birbaşa əlaqə qurmaq imkanlarından yararlanırlar. Ölkəmizin önəmli günlərində müxtəlif rəqəmsal platformalar üzərindən onlayn kampaniyalar təşkil olunur, dezinformasiyalara operativ cavablar hazırlanır, tarixi həqiqətlərimiz, milli-mədəni dəyərlərimiz geniş təbliğ edilir, xarici ekspert və siyasətçilərlə sistemli kommunikasiya qurulur.
Diaspor təşkilatlarının və üzvlərinin rəqəmsal platformalar, sosial şəbəkələr (Facebook, X, Instagram, YouTube və s.) üzərindən təşkil etdikləri onlayn konfranslar və vebinarlar informasiyanın operativ yayılmasına, beynəlxalq ictimai rəyə vaxtında və güclü təsir etməyə imkan verir.
Bir faktı yada salaq ki, xaricdəki Azərbaycan icmaları 2020-ci ildə Vətən müharibəsi zamanı rəqəmsal platformalarda güclü şəkildə birləşərək petisiyalar və kampaniyalar təşkil edib, xarici parlamentarilər və ekspertlərlə yaxşı əlaqə qurub, virtual tədbirlər vasitəsilə ictimai diplomatiya həyata keçirib, beynəlxalq mediada balanslı mövqe formalaşdırmağa çalışıblar. Bu prosesdə soydaşlarımız hədəf auditoriyalarını doğru seçməyə, hər təbəqəyə uyğun kommunikasiya dili istifadə etməyə xüsusi diqqət ediblər.
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bir sıra layihələr soydaşlarımızı vahid platformalara yönəldir, onlara vacib olan informasiyaları mərkəzləşdirir. Prezident İlham Əliyevin dünya azərbaycanlılarının ana dilini bilməsi ilə bağlı tövsiyələrini rəhbər tutan xaricdə yaşayan soydaşlarımız, xüsusilə 3-cü, 4-cü nəsil diaspor ana dilini öyrənmək məqsədilə “Milli Dilli” onlayn təhsil platformasında birləşir. Xaricdəki azərbaycanlı şagird və müəllimləri birləşdirən platforma müasir kommunikasiya vasitələrinin köməyi ilə məsafədən təhsil imkanlarını daha da artırır, soydaşlarımızı dil bilgilərinin toplandığı qlobal şəbəkənin istifadəçisinə çevirir.
Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə yaradılan “Qarabağ” onlayn həftəsonu məktəbləri də müasir kommunikasiya üsullarından istifadə edərək yüzlərlə azərbaycanlı uşaq və gəncin, eləcə də xaricilərin Azərbaycan dilini öyrənməsinə şərait yaradır və dil bilgilərinin mərkəzləşdirilməsini təmin edir.
Başqa bir fakta diqqət edək. Xarici ölkələrdəki diaspor təşkilatları, Azərbaycan evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri və ayrı-ayrı diaspor nümayəndələri Xocalı soyqırımının 34-cü ildönümündə “Justice For Khojaly” (“Xocalıya ədalət”) kampaniyası çərçivəsində 34 ölkənin 71 şəhərində 80-dən çox tədbir həyata keçirib və müasir kommunikasiya üsullarından istifadə edərək dünya ictimaiyyətini məlumatlandırıblar.
Soydaşlarımız Azərbaycanla bağlı xarici dillərdə kitabların, sənədli filmlərin, məqalələrin hazırlanmasını təşkil edir, xarici ictimai rəyin formalaşmasına təsir imkanlarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görür, rəqəmsal platformalarda beynəlxalq hüquq normalarına əsaslanan sübut bazasının formalaşdırılmasında fəal iştirak edirlər.
Sistemli koordinasiya, peşəkar yanaşma və müasir rəqəmsal kommunikasiya vasitələrinin tətbiqi sahəsindəki əsas prioritetləri rəhbər tutan Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlərdə yaradılmış “Diaspor Təşkilatlarının Mərkəzi Portalı”nın (http://www.diaspor.org) daha səmərəli fəaliyyətini də xüsusi diqqətdə saxlayır. Məqsəd xaricdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarına, həmçinin Azərbaycan Evlərinə, Koordinasiya Şuralarına onların elektron və sosial media fəaliyyətlərini gücləndirmək məqsədilə ödənişsiz informasiya-kommunikasiya texnologiyaları dəstəyi göstərməkdir. Portal 100-lərlə saytın inteqrasiyasını dəstəkləyir, eləcə də diaspor təşkilatlarına, Azərbaycan Evlərinə və Koordinasiya Şuralarına vebsaytların sürətli, əlavə xərc olmadan və mərkəzləşdirilmiş formada hazırlanması imkanı yaradır. Əlavə edək ki, portalın məlumat sistemi “Hökumət buludu”na tam köçürülüb.
Bütün bunlar onu deməyə əsas verir ki, bu gün diaspor təşkilatları rəqəmsal diplomatiyanı ictimai diplomatiyanın aləti kimi istifadə edir, bütün çağırışlara cavab verməyə, riskləri dəf etməyə qadirdir. Sosial mediada müxtəlif istiqamətlərdə təşkil olunan rəqəmsal kampaniyalar, onlayn petisiyalar və virtual tədbirlər qlobal auditoriyaya çıxış imkanlarını daha da genişləndirir. Fakt və hadisələrə strategiyalı və peşəkar kommunikasiya yanaşması diasporun mesajlarının daha geniş və təsirli yayılmasını təmin edir, informasiyanı mərkəzləşdirir, təşkilatlanmanı gücləndirir, operativ informasiya reaksiyasını mümkün edir.
Müasir çağırışlar nəzərə alınaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin Yol xəritəsində xaricdəki icmalarımız arasında rəqəmsal savadlılığın artırılması və vahid kommunikasiya strategiyasının formalaşdırılması, media təhlili, süni intellekt əsaslı informasiya monitorinqləri, rəqəmsal lobbiçilik platformalarının yaradılması geniş yer alıb. Komitənin uzunmüddətli strateji planının əsasını vahid diaspor şəbəkəsinin və ortaq rəqəmsal informasiya platformalarının yaradılması, diaspor fəaliyyətinin nəticəyönümlü olması təşkil edir. Bu fəaliyyətlər Azərbaycanın “yumşaq güc” siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Qənaət budur ki, diasporumuz ənənəvi fəaliyyət modelindən rəqəmsal diplomatiya modelinə keçir. İnternet və sosial media üzərindən beynəlxalq münasibətlərə təsir prosesi kimi qiymətləndirilən rəqəmsal diplomatiya xaricdəki Azərbaycan icmalarının fəaliyyətini daha çevik, operativ, təsirli edir və uzunmüddətli perspektivdə diasporun dayanıqlığını təmin edir.
Yazının orijinalını aşağıdakı linkdən oxumaq mümkündür:
https://dailynewshungary.com/azerbaijani-diaspora-digital-diplomacy/