BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycanda bir sıra tarixi və mədəni obyektlər dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib, Azıx və Tağlar mağara düşərgələrinin ünvanları isə dəqiqləşdirilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Quba şəhərində yerləşən Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq (2012–2013-cü illər), 1918-ci ilə aid "Xatirə abidəsi – kütləvi məzarlıq", eləcə də Astara rayonunun Alaşa kəndindəki Əlişa qala kompleksi (e.ə. IV – e. XVI əsrlər) ölkə əhəmiyyətli abidələr siyahısına salınıb.

Bundan başqa, Gəncə şəhərində (Hacıkənd qəsəbəsi, Heydər Əliyev prospekti, 353 və İsrafil Məmmədov küçəsi, 50) XIX əsrə aid üç yaşayış evi, Sumqayıtın Corat qəsəbəsində isə XVI əsrə aid Hacı Məcid hamamı və XVII əsrə aid Hacı Əmrulla hamamı yerli əhəmiyyətli memarlıq abidələri siyahısına əlavə olunub. Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən kilsə isə həmin siyahıdan çıxarılıb.

Sənədlə həmçinin dünya əhəmiyyətli arxeoloji abidələr siyahısında Azıx və Tağlar mağara düşərgələri ilə bağlı bəndlər yeni redaksiyada verilərək onların əvvəl Füzuli rayonu kimi göstərilən ünvanları Xocavənd rayonunun Azıx və Böyük Tağlar kəndləri kimi dəqiqləşdirilib.