BAKI, 20 noyabr. TELEQRAF
2027-ci ildə qqrar sektora dəstəyin genişləndirilməsi çərçivəsində heyvandarlıq sahəsi üçün də yeni vergi güzəşti təklif olunub.
Teleqraf xəbər verir ki, bu barədə büdcə-vergi siyasəti çərçivəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə qeyd edilir.
Dəyişikliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS-də) qeydiyyatda olan şəxslər tərəfindən kökəltmə məqsədilə heyvanların idxalı 2027-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə ƏDV-dən azad ediləcək. Güzəşt heyvandarlıq təsərrüfatlarının idxal xərclərini azaldacaq, onların istehsal imkanlarını genişləndirəcək və yerli heyvandarlığın inkişafına əlavə dəstək verəcək.
Bundan əlavə, öz yetişdirdiyi heyvanı və quşu kəsib satan istehsalçıların bu satışdan əldə etdiyi gəlir ilk dəfə olaraq vergi güzəştinə daxil edilir. Hazırda güzəşt yalnız heyvan diri ikən ondan alınan məhsula tətbiq olunur. Yeni qaydada kəsilmiş ətin satışından əldə edilən gəlirin 90 faizi, mikrosahibkarlar üçün isə tam həcmi vergidən azad olacaq.