BAKI, 20 noyabr. TELEQRAF

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən tədbir keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Sumqayıt şəhərində keçirilən tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov, aidiyyəti idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Sumqayıt Regional Mərkəzinin rəis müavini polkovnik Rafiq Həsənov çıxış edərək ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən müvafiq tədbirlərdən söz açıb, sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin çıxış edən digər natiqlər tikintidə təhlükəsizlik normalarından, yaşayış məntəqələrinin planlı inkişafı zamanı ekoloji təhlükəsizliyin təmin olunmasından bəhs edərək, ətraf mühitin mühafizəsi, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınması istiqamətində atılan addımlardan danışıblar.

Tədbirdə suallar cavablandırılıb, müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda videoçarx nümayiş olunub.