BAKI, 29 iyun. TELEQRAF

“Ermənistandan Gümrüdəki Rusiya hərbi bazasının statusunun yenidən nəzərdən keçirilməsi ilə bağlı hələlik heç bir siqnal yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Hələlik Ermənistan tərəfindən belə bir siqnal almamışıq. Üstəlik, Ermənistan tərəfi rəsmi olaraq bildirib ki, İrəvan Gümrüdəki Rusiya hərbi bazasını çıxarmağı düşünmür”, - nazir müavini Gümrü bazası ilə bağlı müqavilənin şərtlərinin yenidən nəzərdən keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq qeyd edib.

Mixail Qaluzin əlavə edib ki, Rusiya Gümrü bazası ilə bağlı müqavilə üzrə öhdəliklərini yerinə yetirir.

“Məsələ bu halda Ermənistan tərəfinin müzakirə etməli olduğu mövzudur, əgər ölkə Avropa İttifaqına üzv olarsa, onun üçün nəyin mümkün, nəyin isə mümkün olmayacağını özü müəyyən etməlidir. Biz qüvvədə olan və icra edilən sazişin mövcudluğunu əsas götürürük. Həmin saziş üzrə öz öhdəliklərimizi yerinə yetirməyə sadiqik və Ermənistan tərəfindən də eyni yanaşmanı gözləyirik”, - o, Ermənistanın Avropa İttifaqına üzv olacağı təqdirdə Gümrüdə yerləşən Rusiya hərbi bazasının taleyinin necə həll oluna biləcəyi ilə bağlı suala cavabında söyləyib.

Diplomat həmçinin iddia edib ki, Ermənistandakı bəzi qüvvələr və qərbyönlü qeyri-hökumət təşkilatları (QHT) Rusiyanın ölkədəki hərbi mövcudluğunu gözdən salmağa çalışsalar da, bütün bu cəhdlər nəticəsizdir.

“Təəssüf ki, bəzi siyasi qüvvələrin və qərbyönlü erməni QHT-lərinin Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu ləkələməyə çalışdığını, onu işğal aləti və ya Ermənistana qarşı düşmənçiliyin sübutu kimi təqdim etdiklərini görürük. Amma bütün bu cəhdlər boşa çıxır. Onlar yerli əhalinin Rusiya hərbi bazasına qarşı mehriban münasibəti ilə pozulur, çünki bu, təkcə hərbi obyekt deyil, həm də yerli sakinlər üçün cəlbedici məkandır. Bunu sonuncu dəfə iyunun 12-də keçirilən “Açıq qapı” günlərində bazamızı çoxsaylı insanların ziyarəti sübut edir”.