BAKI, 26 iyun. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı müzakirələri demoqogiya müstəvisinə yönəldir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Ermənistan Baş naziri iyunun 25-də hökumətin iclasında, eləcə də iclasdan sonra jurnalistlərlə söhbəti zamanı verdiyi bəyanatlarla tanış olduq. O, başqa istiqamətə, demaqogiya müstəvisinə yönəldir. Bundan əvvəl də İrəvanın KTMT-dəki iştirakını dondurması ilə bağlı eyni üsuldan istifadə etmişdi”, - diplomat bildirib.
Zaxarova qeyd edib ki, Paşinyanın davranışını AİB-ə real üzvlük kimi qiymətləndirmək mümkün deyil.
Zaxarova əlavə edib ki, Ermənistan Baş naziri hökumətin iclasında, daha sonra isə jurnalistlərlə söhbəti zamanı əsas suala cavab verməyib:
“Söhbət ondan gedir ki, Ermənistan 2025-ci ildə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanunu qəbul edir, dəfələrlə ölkənin gələcəyinin Avropada olduğunu bəyan edir, 2026-cı ilin mayında isə Avropa İttifaqı ilə respublikanın bu ittifaqa yaxınlaşmasına yönəlmiş konkret addımları əks etdirən birgə bəyannamələr imzalayır, həm də AİB-in tamhüquqlu üzvü olaraq qalmaq niyyətində olduğunu bildirir.
Belə çıxır ki, İrəvanın AİB çərçivəsindəki fəaliyyəti yalnız Avropa blokuna inteqrasiya üçün zəmin hazırlamağa xidmət edən müvəqqəti tədbirdir. Halbuki həmin blokun standart və qaydaları AİB-dən köklü şəkildə fərqlənir, üstəlik, Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdür. Belə davranışı AİB-ə real üzvlük adlandırmaq mümkün deyil”.