BAKI, 25 iyun. TELEQRAF

Ermənistan hökumətinin tərkibində dəyişiklik edilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdən sonra hökumətin formalaşdırılması məsələsi barədə danışarkən bildirib.

Baş nazir hökumətdə heç bir dəyişiklik planlaşdırmadığını qeyd edib.

“Parlamentin sədri vəzifəsinə namizədlə bağlı isə yanaşmalarımı açıqlamamışam. Bu gün “Vətəndaş Müqaviləsi” Partiyasında qərarın veriləcəyi iclas keçiriləcək. Namizədlərdən biri gizli səsvermə yolu ilə seçiləcək və seçilən şəxs barədə ictimaiyyətə məlumat veriləcək.

İcra hakimiyyətinin tərkibi ilə bağlı isə artıq bəyan etmişəm ki, hökumətin tərkibində, yəni hökumət üzvləri - baş nazirin müavinləri və nazirlərdə heç bir dəyişiklik görmürəm”, - o bildirib.

Paşinyan əlavə edib ki, digər səviyyələrdə bəzi dəyişikliklər olacaq.

Xatırladaq ki, Ermənistan parlamentinin hazırkı sədri Alen Simonyanın postunda qalmayacağı, yaxın gələcəkdə Vaaqn Xaçaturyanı prezident postunda əvəz edəcəyi gözlənilir.