BAKI, 12 iyun. TELEQRAF

Müxalif “Güclü Ermənistan” Partiyasının sədri, rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı oğlu və müavini Narek Karapetyanın ölkədən çıxışına qadağa qoyulub.

Teleqraf xəbər verir ki, bu barədə onun özü jurnalistlərə məlumat verib.

N. Karapetyan bildirib ki, Ermənistan hakimiyyəti onun ölkədən çıxışına məhdudiyyətlər qoyub.

“Bu gün Yuxarı Larsda (Gürcüstan-Rusiya sərhədi) olmalı və Ermənistanın yük maşınları və kənd təsərrüfatı ixracatı ilə bağlı biabırçı vəziyyəti təqdim etməli idik. Bu, layihə idi. Ermənistanın kənd təsərrüfatı məhsullarının sərhədi keçə bilmədiyi təxminən 15 kilometrlik növbəni canlı yayımda təqdim etməliydik. Amma (Gürcüstana keçərkən) sərhəd xidməti bizə ora səfərimin qadağan olunduğunu və məhdudiyyətlər qoyulduğunu bildirdi”, - o qeyd edib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.

Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.